Ərzaqlar:
Un (yüksək sort) – 120 qr.
Şəkər tozu – ümumi 410 qr.
Yumurta – 4 ədəd
Su – 115 ml.
Konyak (ümumi) – 2 x.q.
Kərə yağı – 200 qr.
Yumurta sarısı – 2 ədəd
Süd – 125 ml.
Rəngli çukatlar – 50 qr.
Vanilin – 1 x.q.
Kakao – 2 ç.q.
Hazırlanması:
Biskvit üçün: yumurtaların sarısı ayrılıqda 60 qr. şəkər tozu ilə ağarana kimi, ağlar isə ayrıca 70 qr. şəkər tozu ilə bərk köpük olana kimi çalınır. Ağla sarılar qarışdırılır, bura ələnmiş un tədricən əlavə olunur və qarışdırılır. Biskvit yağlanmış, falqa salınmış dərin, düzbucaq formaya (çörək bişirmək üçün forma da ola bilər) tökülüb, 180 dərəcədə 30 dəqiqə bişirilir. Çıxarılıb, 5 dəqiqə soyutduqdan sonra çevrilir. Və gecədən səhərə kimi saxlanılır.
Biskvitin künclərindən bir az kəsib blenderdə narın edin.
Biskviti islatmaq üçün sirop: 100 qr. şəkər tozu 115 ml. isti suda əriyənə kimi qarışdırılır. Bura 1 çay qaşığı konyak əlavə edib, soyudulur.
Şarlott kremi hazırlanır: 2 yumurta sarısı 125 ml. südlə həll olunur və bura 185 qr. şəkər tozu əlavə olunur. Zəif od üzərində daima qarışdırmaqla qaynar hala gətirilir. Ehtiyatlı olun, məhlul tədricən qızmalıdır, yoxsa sarılar bərkiyəcək. Sirop qaynayan kimi 6-7 dəqiqə bişirilir. Hazır halı sarı və qatılaşdırılmış südə bənzəməlidir. Əgər odun üzərində çox saxlasaz, şəkər kristallaşacaq. Bunu ayrıca qaba süzüb, üzərini plyonka ilə örtün və otaq temperaturunda soyudun.
Mikserin ən yuxarı gücündə yağla vanil 5 dəqiqə çalınır. Yağ ağarmalı və qabarmalıdır. Bura artıq soyumuş siropu əlavə edib, qarışdırmaqda davam edirsiz. Sonda bir az konyak əlavə edib, qarışdırın. Hazır krem yüngül, ağ olmalıdır. Krem 2 hissəyə bölünür. Yarısına kakao tozu əlavə olunub çalınır. Bu krem üst dekor üçündür. Qalan ağ krem isə biskvitə yayılmaq üçün. Ağ kremdən 2 xörək qaşığı ayırıb, qida rəngi ilə rəngləyin: birini yaşıl, digərini qırmızı rəng.
Biskviti 3 hissəyə bölün, hər layı hazırladığınız siropla isladın. İslatdıqdan sonra üzərinə ağ kremdən çəkin və layları qoyun. Kənarlarını kakaolu kremlə bağlayıb, üzərinə və kənarlara biskvit ovuntusu səpin. Rəngli kremdən tortun üzərinə güllər və yarpaqlar qoyun. Burda fantaziyanızı və bacarığınızı işə salın. Rəngli çukatlardan da istifadə edin. Nağıl tortu hazırdır. Nuş olsun!
Mənbə: Sufrem.az