Yayın istisində sərinləşdirici içki və kokteyllər əsl yerinə düşür. Kafe və restoranlarda oturan kimi ilk əvvəl sərinləşdirici içki sifariş edib, yayın dözülməz istisinin yükünü üzərimizdən atmağa çalışırıq. Bu içkilər arasında ən çox sevilənlərdən biri isə Mohito (Mojito) hesab edilir. Alkoqollu və alkoqolsuz formada təqdim edilən içkinin ləzzətindən doymaq olmur. Bu gün Pahoo.az ilə evdə mohito hazırlamağın yolunu öyrənəcəksiniz!
Lazım olanlar:
Qazlı su, Şəkər tozu ( 2 çay qaşığı), Nanə yarpaqları, Laym (yaşıl rəngli limon), 100-150 qr rom. Alkoqolsuz mohito hazırlayırsınızsa, bu siyahıdan romu çıxara bilərsiniz.
Necə hazırlamalıyıq?
Kokteyl hazırlamaq üçün sizin xüsusi koktekl stəkanınızın olması daha yaxşı olardı. Nanə yarpaqları və şəkəri kokteyl stəkanına ataraq, qazlı suyu da əlavə edirsiniz. Bir az əzərək, şəkərin həll olunması və nanə yarpaqlarının dadının çıxmasına çalışın. Laymın 1/3 hissəsini də stəkanın içinə atın, qalan hissəsini isə sıxaraq qarışığa əlavə edin. Alkoqollu mohito sevirsinizsə, 100 qr romu da kokteylə əlavə edin. Bütün bu inqredientləri əlavə etdikdən sonra, kokteyli silkələyərək, yaxşıca qarışdırın.
Sonda əldə etdiyiniz qarışığı stəkana əlavə edin. Buz parçaları da olmaqla, stəkanı qazlı su ilə doldurun. Qazlı su əvəzinə sprite kimi şəffaf rəngli şəkərli içkidən də istifadə edə bilərsiniz. Bu halda şəkər tozundan ya çox az, ya da ümumiyyətlə istifadə etməməlisiniz. Sonda isə dekorasiya üçün laym və nanədən, çiyələkdən istifadə edə bilərsiniz.
Nuş olsun!