Şurpa qovurma

Şurpa qovurma

Lazım olan ərzaqlar:
Ət – quş, mal, qoyun fərq etməz. Əsas odur ət təzə, cavan və bel sümüyünə yaxın yerdən və ya qabırğa olsun
Piy
Qırmızı və sarı soğan
Kök, turp
Rəngli bolqar bibərləri
Pomidor
Kartof
Acı bibər
Göyərtilər: şüyüd, cəfəri, reyhan
Ədviyyatlar: koriandr, zirə
Alma, heyva

Və bir qazan su – amma dadlı bulaq suyu. Bəli, çünki sulu yeməkdə əsas elə bişirdiyimiz sudur. Suyun keyfiyyəti yeməyin dadına təsir edir.

Hazırlanması:
Qazana su alıb duz səpir, əti orda qaynadırıq. Odu çox güclü etmək olmaz. Kəfi yığırıq. Bura halqavari doğranmış qırmızı soğanı əlavə edirik və vam odda 30 dəqiqə bişiririk.
İndi xırda doğranmış piyin əlavə olunması zamanıdır. Qazana iri  bölünmüş kök, qırmızı acı bibərlər bütov, iki yerə bölünmüş heyva, 2 ədəd kiçik qırmızı və sarı alma əlavə olunur. Zirə və koriandr səpilir, Şurpa 50 dəqiqə bişirilir.  
50 dəqiqə sonra qalan ərzaqlar əlavə olunur: turpu 4-5 yerə bölürsüz, kartof  2 hissəyə bölünür. Şurpa yenidən qaynara düşəndə qabığı soyulmuş və əzilmiş pomidor qatılır. Əgər xırda pomidordursa, bütöv da ata bilərsiz.  Bolqar bibərlərini halqavari doğrayıb qatılır, reyhan səpilir.
İndi Şurpanı duzlayıb tama gətiririk, duzu səpdikcə suyun dadına baxırıq. Sona yaxın çox nazik doğranmış sarı şirin soğanı da qatıb, ərzaqların bişib yumşalmasını yoxlayırıq. Axırıncı soğanı qatdıqdan sonra daha 3-5 dəqiqə vam odda saxlayıb Şurpanı ocaqdan götürürük. Şurpa süfrəyə fərqli verilir: lap bizim Piti kimi. Şurpa təkcə şorba deyil: o həm də ikinci yeməkdir. Ayrıca kasada suyu verilə bilər, böyük qabda isə əti ilə birgə tərəvəzləri. Üzərinə narın göyərti səpilir.
Şurpa 100 dərdin dərmanı olacaq yeməkdir.
Yeri gəlmişkən özbəklər “Şurpa yedim” demir, Şurpa içdim deyir. Xüsusən suyunu piyalədən isti-isti içirlər.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər