Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.
Kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.
Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Naxçıvan Ali Məclisi ilə əlaqə saxlayıb. Bildiriblər ki, həqiqətən bu gün Vasif Talıbov Naxçıvan sakinlərini sevindirən qərar qəbul edib və dollarla olan bütün kreditlər 1.05 məzənnəsi ilə ödəniləcək.
(strateq.az)