Bir sıra tədqiqatlar şəhər həyatından uzaqlaşmaq və təbiətlə daha yaxın olmağın bizim sağlamlığımıza xeyrini sübut etməyə davam edir. Səthi olaraq düşündükdə, bu faktın hər kəsə məlum olduğu qənaətinə gələ bilərik. Lakin Stanford Universitetində aparılmış yeni tədqiqat göstərir ki, bu cür gəzintilərin bizə təkcə mənəvi xeyri dəymir, həm də beynimizə böyük faydası var.
Gregory Bratman Amerika və İsveçdən olan həmkarları ilə birlikdə Amerika Milli Elmlər Akademiyasında təbiət qoynunda vaxt keçirməyin beynimizə verdiyi faydalar haqqında bir iş dərc edib. Bu işdə təkcə mülahizələri deyil, həm də beynin verdiyi reaksiyaların skanları görmək mükündür.
Tədqiqatda heç bir psixoloji xəstəliyi qeydə alınmayan 38 nəfər iştirak edib. Onlar iki qrupa ayrılıb. Birinci qrup Stanford kampusu yaxınlığındakı meşəlikdə, ikinci qrup isə Kaliforniya, Palo Altoda sıx bir küçəyə 90 dəqiqəlik gəzintiyə göndərilib. Hər iki qrup daha sonra yazılı şəkildə bir neçə suala cavab verməli olub. Bu suallar onların neqativ - daxilə qapanıq tendensiyalarını ölçmək məqsədi ilə verilib. Məsələn, "Mənim fikrim özümlə bağlı düşünmək istəmədiyim problemlərə ilişib qalırdı," və ya "Məni narahat edən problemləri düşünməklə, özümü tapmaqda mənə kömək edəcək əla vaxt keçirdim," kimi fərqli istiqamətli, lakin eyni məğzli problemli düşüncələr.
Gəzintidən əvvəl və sonra hər iki qrup iştirakçılarının beyinləri skanlanır. Tədqiqatçıları ən çox maraqlandıran hissə beynin prefrontal korteks adlanan bölgəsi idi. Onların dediyinə görə, beynin məhz bu hissəsi "insanın dərin düşünmə, özünü dəyərləndirmə, öz problem və arzularını düşünməsi zamanı beyninin aktiv olan" hissəsidir. Nəticələrə nəzər salan tədqiqatçılar aşkar ediblər ki, neqativ yüklü dərin düşüncələr meşə, təbiət gəzintiləri zamanı xeyli sürətdə azalır. Məhz bu düşüncələr bizim yaşadığımız depressiyaların səbəbkarı hesab edilir. Təbiət qoynunda isə biz belə düşüncələrdən daha uzaq oluruq. İştirakçıların beyin skanları da bu nəticəni bir daha təsdiqləyib. Sıx şəhər küçələrində gəzintiyə göndərilənlər isə tam əks nəticəni göstəriblər.
Təbiət qoynunda vaxt keçirməyin faydaları haqqında aparılan psixoloji tədqiqatların sayı-hesabı yoxdur. Lakin bu tədqiqatı dəyərli edən, beyin skanı kimi faktiki dəlilin də əlavə olunmasıdır. Bratman deyir ki, indiki nəsillərin sıx şəhər həyatına meylli olması, depressiyanın daha sürətli yayılmasına səbəb olur. Təbiət isə bizə ən yaxın və rahat əlacdır.