Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 150-6-cı maddə əlavə edilsin:
“Maddə 150-6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasının və sürücülərinin tibbi müayinəsinin təşkil edilməməsi
Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir.”.
1.2. Aşağıdakı məzmunda 152.5 - 152.7-ci maddələr əlavə edilsin:
“152.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə -
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
152.6. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
152.7. Bu Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
1.3. Aşağıdakı məzmunda 152-1.5 - 152-1.7-ci maddələr əlavə edilsin:
“152-1.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
152-1.6. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
152-1.7. Bu Məcəllənin 152-1.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
1.4. Aşağıdakı məzmunda 152-2.4 və 152-2.5-ci maddələr əlavə edilsin:
“152-2.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
152-2.5. Bu Məcəllənin 152-2.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
1.5. 152-3-cü maddə üzrə:
1.5.1. 152-3.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilsin;
1.5.2. aşağıdakı məzmunda 152-3.4 - 152-3.6-cı maddələr əlavə edilsin:
“152-3.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə -
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
152-3.5. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.
152-3.6. Bu Məcəllənin 152-3.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -
fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.”.
1.6. 152-4-cü maddə üzrə:
1.6.1. 152-4.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 152-4.4 - 152-4.6-cı maddələr əlavə edilsin:
“152-4.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər dörd min manat miqdarında cərimə edilir.
152-4.5. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
fiziki şəxslər dörd yüz manat miqdarında, vəzifəli şəxslər səkkiz yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə edilir.
152-4.6. Bu Məcəllənin 152-4.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.”.
1.7. 152-5-ci maddə üzrə:
1.7.1. 152-5.3-cü maddədə “zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə” sözləri “zərər çəkən şəxsə fiziki və ya” sözləri ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda 152-5.4 - 152-5.6-cı maddələr əlavə edilsin:
“152-5.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə -
fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər səkkiz min manat miqdarında cərimə edilir.
152-5.5. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat miqdarında cərimə edilir.
152-5.6. Bu Məcəllənin 152-5.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə fiziki və ya maddi zərər vurulmasına görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər iki min beş yüz manat miqdarında cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.”.
1.8. 166.3-cü maddə ləğv edilsin.
1.9. Aşağıdakı məzmunda 296-1.3-cü maddə əlavə edilsin:
“296-1.3. Bu Məcəllənin 296-1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə -
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.”.
1.10. 360.1-ci maddədə “152.4” rəqəmləri “152.4-152.7” rəqəmləri ilə əvəz edilsin, “150-5.1,” rəqəmlərindən sonra “150-6,” rəqəmləri, “152-2,” rəqəmlərindən sonra “152-3.5, 152-3.6, 152-5.5, 152-5.6,” rəqəmləri əlavə edilsin.
Maddə 2. Bu Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.