Sumqayıtda şagirdi amansızcasına döyən müəllim işdən çıxarıldı - VİDEO

Sumqayıtda şagirdi amansızcasına döyən müəllim işdən çıxarıldı - VİDEO

22 saylı məktəbin direktoru Tahirə Səfərova Report-a açıqmasında deyib ki, tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib: “Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb".

Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.

T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir: "Müfəttişlər də lazım olan araşdırmaları aparır".

Sumqayıt şəhər 3-cü Polis Bölməsindən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı onlara şikayət daxil olmayıb.

Sumqayıt Şəhər Prokurorluğundan isə məsələ barədə araşdırma aparıldığını bildirib.

Təhsil Nazirliyindən isə yayılan məlumatlar əsasında araşdırma apardığını və yaxın zamanda ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

Bu kateqoriya üzrə digər xəbərlər