Ötən gün saat 18.00 radələrindən başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından APA-nın cənub bürosuna verilən məlumata görə, ən güclü yağış Lənkəran rayonu ərazisində müşahidə olunub. Burada təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib.
Astara rayonda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı həddə çatıb.
İldırım çaxmaları ilə müşayiət olunan leysan yağışları nəticəsində Lənkəran rayonu ərazisində yarımstansiyalarda yaranan nasazlıqlar səbəbindən rayonun əksər yaşayış məntəqələrinə ötən axşamdan elektrik enerjinin verilməsi dayandırılıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb.
Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi 15-20 santimetr artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından verilən məlumata görə, yağışlıhava oktyabrın 6-dək davam edəcək.