Yumurtalı ət ruleti

Yumurtalı ət ruleti

Ərzaqlar:

Çəkilmiş qoyun əti – 500 qr.
Yumurta – 5 ədəd
Soğan – 1 ədəd
Cəfəri – 1 dəstə
Süd  - 4 x.q.
Bitki yağı – 1 x.q.
Duz - istiot

Hazırlanması:

Əvvəlcə iç hazırlanır: 4 yumurtanı bərk olana kimi qaynadırsınız. Onlar qaynayana kimi soğan və cəfərini ətçəkəndən keçirib, çəkilmiş qoyun ətinin içinə əlavə edirsiz və yaxşıca qarışdırırsınız. Sonra 1 çiy yumurtanı sındırıb ətin üzərinə çırpırsız, südü də əlavə edib qarışdırırsınız. Əlbəttə ki, duz və istiotu unutmaq olmaz!
Qiymə nə çox bərk olmalıdır, nə də ki, duru. Əgər duru alınıbsa ona bir qədər suxarı tozu əlavə etmək lazımdır ki, azca bərkisin.
İndi ruleti hazırlamaq zamanıdır. Əvvəlcə tavanın içinə folqa sərirsiniz. Üzərini yağlayırsınız. Qiyməni bir hissəsini folqanın üzərinə nazik qatla yayırsınız. Tən ortasına ardıcıllıqla qaynadılmış və soyulmuş bütöv yumurtaları düzürsünüz. Qabda qalan qiymənin digər hissəsini də üstünə töküb, onu folqa ilə birgə rulet formasında bükürsünüz.
Ət ruleti 200 dərəcədə 50 dəqiqə olmaq şərti ilə bişməlidir. Bişməsinə 15 dəqiqə qalmış folqanı açmaq lazımdır ki, yaxşıca qızarsın.
Ruleti azca soyudub, səliqə ilə dilimləyib süfrəyə vermək lazımdır. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər