Biz hələ uşaq ikən xəyalımızda özümüzü müəyyən bir sənət sahibi kimi təsəvvür edirik: bəzilərimiz müəllim, bəzilərimiz həkim, bəzilərimiz kosmonavt və s. Daha sonra ali məktəbə daxil oluruq və qarşımıza müəyyən məqsəd və hədəflər qoyuruq. Özümüzə tez-tez belə suallar veririk: “Karyera həyatıma necə başlaya bilərəm və ya bu yolda necə uğur qazana bilərəm?!” Əslində karyera sahibi olmaq üçün əsas məsələ sadəcə qarşıya məqsəd və hədəflər qoymaq, nələri isə arzulamaqdan ibarət deyildir. Bu yola ilk addımı atmaq və hərəkətə keçmək lazımdır. ”Hərəkət “ uğurlu karyeraya başlamağın birinci və vacib şərtidir. Burada öz gücünü göstərmək və sağlam mübarizə aparmaq lazımdır. Bu marafonda hər hansı bir maneə ilə rastlaşdıqda motivasiyanı itirmədən yola davam etmək lazımdır.
Karyera həyatında uğur qazanmaq üçün 7 “qızıl qayda”nı izləməyi Sizə tövsiyə edirik.
1. Hədəflərinizi müəyyənləşdirin
Hədəf qoymaq karyera “pilləkənlərini” daha sürətlə addımlamağa imkan yaradacaqdır. Bu sizin iş həyatınızda müvəffəqiyyətli bir fərd olmağınıza kömək edəcəkdir. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq real, spesifik, əldə edə biləcəyiniz 5,10,15 illik hədəflərinizi müəyyən edin.
2. Stressdən azad olun
Bu karyera yolunda olan maneələrdən biri hesab edilir. Müvəffəqiyyətə birbaşa təsir edən faktorlardandır. Orta hesaba görə, zehni işə fasiləsiz məşğul olma müddəti 20-40 dəqiqə arasındadır. Bundan sonra ara vermədən çalışsanız yorğunluq, fikir dağınıqlığı, motivasiyanın düşməsi kimi hallar baş verə bilər. Ancaq bunun öhdəsindən gəlmək üçün bir müddət işə ara verərək ”dərindən nəfəs almaq” , “beyninizin dincəlməsi” üçün vaxt qazanmaq və bir qədər ictimai fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur.
3. İşlərinizi planlaşdırın və vaxtınızı düzgün idarə edin
Əksər insanlar çox çalışmaqdan, iş yükünün həddindən artıq olduğunu və vaxtı çatdıra bilməməkdən şikayət edirlər. Burada əsas problem vaxtı düzgün idarə olunmaması problemidir. Plansız şəkildə kor-təbii çalışmaq vaxt itkisinə səbəb olur ki, bu da fərdin işində uğursuzluqla nəticələnir. Günü planlaşdırmaq, hansı işin nə qədər vaxt aldığını hesablamaq və ən əhəmiyyətlisi də təqvim tutmaq bu problemi sürətlə aradan qaldıracaqdır.
4. Mühitə adaptasiya olun
İş yerində müəyyən qaydalar olur və bəzən fərd bu qaydalara əməl etmək istəmir. Lakin uğurlu karyeranın vacib şərtlərindən biri iş yerinin qaydalarına və intizamlılıq prinsipinə əməl etməkdən ibarətdir. İş yerindəki hər hansı bir hadisə və ya şəxsə qarşı sərt mövqe göstərməkdən çəkinin. Sürətlə mühitə və situasiyaya uyğunlaşa bilsəniz problemli vəziyyətdən daha tez çıxa biləcəksiniz. Bundan başqa bədən dilindən istifadə edərək gülərüz bir simayla özünüzü daim düzgün ifadə etməyə çalışın. Qarşınızdakını mühakimə etmədən önü dinləyin və kollektivinizi daha yaxından tanıyın.
5. Təcrübələrinizdən istifadə edin
Keçmişdə əgər müəyyən bir işdə çalışmısınızsa, ordan əldə etdiyiniz təcrübəni unutmayın. Gələcəkdə hər hansı bir məsələni həll etmək üçün o təcrübənin sizə kifayət qədər köməyi olacaqdır. Nəyisə əldə etmək üçün onu yoxlamaq və bu yolda irəliləmək lazımdır. Olduğunuz nöqtədə qalmamaq və əldə etdiyiniz təcrübələrin üstünə yenilərini qatmaq əsas məqsədlərinizdən biri olmalıdır. Vəzifənin bir sonrakı pilləsini düşünmürsünüzsə deməli müvəffəqiyyəti də sevmirsiniz.
6.Kreativ olun
Yaradıcı fikirlər, kreativ ideyalar uğuru da özü ilə gətirər. Yaradıcı olmaq fərdin ruh halının müsbət, pozitiv olduğunu göstərər. İş yerində daim yeni ideyalar verərək, kreativliyinizi göstərərək bir addım da irəli gedə bilərsiniz. Bu uğurlu karyeranın mühüm faktorlarından biridir.
7. Səhvlərinizdən dərs çıxarın
Bir çox insanlar səhv etməkdən qorxarlar. Ancaq səhv etmədən bir şeyin doğrusunu öyrənmək mümkün deyildir. Əhəmiyyətli olan, səhvin nədən yarandığını öyrənərək, onun mənbəyini taparaq bir daha təkrarlamamaqdır. Əvvəlki təcrübələrinizə əsaslanaraq bu cür səhvləri təkrarlamasanız karyera həyatınızdakı hədəfinizə daha sürətlə çatacaqsınız.