“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Monako”da zədəli futbolçular bir-bir sıraya dönür. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Fabio Koentrao məşqlərə başlayıb.
Sonuncu dəfə oktyabrın 4-də meydançaya çıxan və Avroliqada “Qarabağ”la hər iki qarşılaşmanı buraxan Portuqaliya millisinin üzvü artıq kollektivə qoşulub. Topla məşqlərdə iştirak edən sol cinah müdafiəçisi Fransa çempionatının növbəti turuna qədər hazır olacaq.
Qeyd edək ki, müqavilə ilə “Real”a məxsus olan Koentrao bu mövsümdən “Monako”da icarə əsasında çıxış edir.