Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin istintaqı başlayır.
Oxu.Az xəbər verir ki, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb.
Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Səhərisi gün Qaradağ RPİ və 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov yaxalanaraq, istintaqa cəlb edilib.
İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.
Məhkəmənin gedişatında cinayətin tam təfərrüatı açıqlanacaq.
İş üzrə hazırlıq iclası oktyabrın 9-na təyin olunub.