"Da", "də" nə zaman bitişik yazılır, nə zaman ayrı?

Qrammatikamızın qlobal problemlərindən biri də «da», «də» ədatları və bağlayıcılarının "-da", "-də" yerlik hal şəkilçilərindən fərqləndirilməməsi, bitişik yazılmasıdır. 
Əslində, məsələ çox sadədir:
1. Ədatlar və bağlayıcılar ayrı, şəkilçilər bitişik yazılır.
2. Söz Kimdə? Nədə? Harada? sualına cavab verirsə, deməli, -da, -də şəkilçidir və bitişik yazılır.
3. İştirak mənasını verən da, də bağlayıcıları və da, də ədatları isə ayrı yazılır.
Məsələn:
Şəkilçi kimi:
Məndə çoxlu otaq bitkisi var. (kimdə?)
Sizdə bu barədə məlumat var? (kimdə?)
Bergen şəhəri Norveçdə yerləşir. (harada?)
Kitabda bu barədə heç nə deyilməyib. (nədə?)

Bağlayıcı kimi:
Mən də ora gedəcəm. ( həmçinin mən, həm də mən)
Bəs sən də gələcəksən?
Norveç də Skandinaviya ölkəsidir?
Artıq qaranlıq gec düşür, havalar da isinir.

Ədat kimi:
Belə də vicdansızlıq olar?
Gəl çıx da!

Cümlədə həm bağlayıcı, həm də yerlik hal şəkilçisi:

Məndə də o kitabdan var.
Sizdə də işıq yoxdur?
Norveçdə də hava soyuqdur.

Bağlayıcı, ədat və yerlik hal şəkilçiləri birlikdə:

Məndə də o kitabdan var da!
Norveçdə də hava soyuqdur da!
Mən də elə onu deyəcəkdim də!

Bu kateqoriya üzrə digər xəbərlər