Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub. Nəsimi Rayon Məhkəməsi buna səbəb olaraq, A.Kazımovanın məhkəmə qətnaməsinin tam icra olunmamasını göstərib.
Qətnaməyə əsasən, A.Kazımova Natavan Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırıb, buna görə də xalq artistinin ölkədən çıxışına qadağa qoyulub.
Bəs Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, Azərbaycan qanunvericiliyinə əsasən onu daha hansı cəza gözləyir?
Milli.Az xəbər verir ki, hüquq müdafiəçisi Müzəffər Baxışov aznews.az-a açıqlamasında bildirib ki, icra haqqında qanunun tələblərinə və 84-1-ci maddəsinə görə, indiki halda iş icraya yönəldiyindən Aygün Kazımova borclu sayılır: "Əgər borclu məhkəmə qətnaməsinin icrasından boyun qaçırırsa, onda məhkəmə qərarlarının icrası qurumunun rəhbəri təqdimatla məhkəməyə müraciət edir və məhkəmə müvvəqəti olaraq, Aygün Kazımovanın Azərbaycan Respublikası ərazisinin tərk etməsi haqqında qərar qəbul edir.
Ümumiyyətlə, məhkəmə qətnaməsi qanunu qüvvəyə minəndən sonra icra haqqında qanuna görə, iş icra qurumuna göndərilir. İcra qurumu 3 gün müddətində icra işi başlayır. 10 gün müddətində borcluya, yəni Aygüm Kazımovaya təklif edir ki, könüllü həmin qətnəməni icra etsin".
M.Baxışov qeyd edib ki, əgər borclu 10 gün müddətində həmin qətnaməni könüllü icra etmirsə, onda 2 ay ərzində qətnamə məcburi şəkildə həyata keçirilir: "Bu iki ay ərzində borclu məhkəmənin qətnaməsindən boyun qaçırırsa, icra qurumu həmin borclunun Azərbaycan Respublikansının İnzibati Xətalar Məcəlləsinin 313-1.1 maddəsinə görə, inzibatı məsuliyyətə cəlb edilməsi üçün işi məhkəməyə göndərir. Məhkəmə onu inzibati məhkəməyə cəlb edirsə və bundan sonra borclu həmin qətnamənin icrasından boyun qaçırırsa, onda icra qurumu borclu barəsində toplanmış materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərir. Həmin idarədə borclu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsinə görə cinayət işinə başlanılır. Əgər buna görə də qətnamənin icrasından boyun qaçırırsa onda cinayət işi məhkəməyə göndərilir".
Hüquqşünasın sözlərinə görə, belə halda borcluya məhkəmə tərəfindən 3 min manata kimi cərimə, 2 ilədək islah işləri, 380 saatdan-480 saata kimi ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qeyd edək ki, N.Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətini təhqir etməsi, işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə verib. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.
A.Kazımova isə dediklərini təkzib edərək, bunları yazıb: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".